Xəbər verdiyimiz kimi, ölkəmiz 24-27 sentyabr 2021-ci il tarixində Rusiya paytaxtındakı Ekspo Mərkəzində keçirilən 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkasında təmsil olunub. Tədbirdə Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak ediblər.

Yarmarkada Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, tarixi ilə bağlı Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin qabaqcıl nəşriyyatlarından əldə olunan Azərbaycan, rus və ingilis dillərində 200 adda kitablar sərgilənib.

Azərbaycan stendinin ziyarətçilərinə tariximiz, Qarabağ həqiqətləri, Vətən müharibəsində şanlı Qələbəmiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilib və bəzi kitablar hədiyyə edilib. Eyni zamanda ziyarətçilərə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında məlumat verilib. Gənc oxucular yarmarkada Nizami haqqında nəşrlərə böyük maraq göstəriblər.

Rusiya Milli Kitabxanasının, Elmlər Akademiyasının bəzi institutlarının, bir sıra ali təhsil müəssisələrinin və digər dövlət qurumlarının nümayəndələri Azərbaycan stendində sərgilənən kitablarla yaxından tanış olublar.

Xalq yazıçısı Anar və Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin nümayəndəsi Nigar Axundova stendimizi ziyarət ediblər.