Xəbər verdiyimiz kimi, Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyət kəndlərdə” layihəsi həyata keçirilir. Layihənin növbəti ünvanı Cəlilabad rayonunun Alar kəndi olub.
Tədbirdə çıxış edən regional idarənin rəisi Bəxtiyar Qılıncov layihənin məqsədi və bu çərçivədə görüləcək işlərdən danışıb. O, layihədə iştirak edən yaradıcı gənclərə uğurlar arzulayıb, tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Daha sonra tədbirin bədii hissəsinə başlanılıb. “Alar” folklor ansamblının üzvləri vətənpərvərlik və şəhidlik məqamını tərənnüm edən bayatılar söyləyib, gənc mədəniyyət könüllüləri ədəbi-bədii kompozisiya təqdim ediblər.
Bununla yanaşı, Alar kəndindən şəhid ailələrinin gənc üzvləri, müharibə iştirakçıları və məktəblilər tərəfindən musiqilər ifa edilib, rəsm və digər əl işləri təqdim olunub. Muzey və digər mədəniyyət müəssisələri isə qədim əşyalardan tərtib olunmuş sərgi nümayiş etdiriblər.
Sonda layihənin tədbirlərində fəal iştirak edən bir qrup gəncə regional idarənin təşəkkürnaməsi təqdim edilib.