Tanınmış müğənni Səyyad Əlizadə sentyabrın 30-da, 63 yaşında vəfat edib. Bir müddət əvvəl koronavirusa yoluxan müğənni xəstəxanada dünyasını dəyişib.

Səyyad Əşrəf oğlu Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq və İnşaat Universiteti) daxil olub. İnstitutun nəzdində "Arzu" xalq çalğı alətləri ansamblının üzvü olub. Bu ansamblla "Oxu, tar", "İstedadlar axtarırıq" müsabiqələrinin laureatı adını qazanıb. Həmçinin tələbəlik illərində İslam Rzayevin rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında çalışıb. 1988-1990-cı illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyanın (indiki BMA) vokal şöbəsində əlavə musiqi təhsili alıb.

"Təbrizim" adlı ilk albomu 1987-ci ildə buraxılan müğənninin "Xallı qız", "Gözlərimin yaşı", "Saçlarım bəyaz oldu", "Dünya gözəl dünyadır" və başqa albom və diskləri də musiqisevərlər tərəfindən maraqla qarşılanıb. Müğənni son dövrdə "Bəyaz gecələr" yaradıcılıq mərkəzinə rəhbərlik edirdi.

Səyyad Əlizadə oktyabrın 1-də Füzuli rayonunda, doğma kəndində torpağa tapşırılıb

Allah rəhmət eləsin.