1 oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil edilib.

Sərgi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilir.

Üç gün davam edəcək sərginin açılışı “Hilton Bakı” hotelində baş tutub. Sərgidə layihəyə cəlb edilmiş yaşlı insanların müxtəlif sahələrdə aktiv fəaliyyətlərini, fəal həyat tərzini əks etdirən, peşəkar fotoqraflar tərəfindən çəkilmiş şəkillər təqdim olunur. Məqsəd yaşlanma ilə bağlı bir sıra hallarda mövcud olan stereotiplərin və yaşlanmaya şüurlarda ənənəvi yanaşmanın pozitiv təsəvvürlərlə əvəz olunmasını təşviq etməkdir. Nümayiş olunan fotoşəkillər yaşlanmanın ümumi qəbul olunmuş təsəvvürdəki passiv təbiətinə tamamilə əks olan və özündə dinamikliyi, müsbət enerjini və həyatsevərliliyi birləşdirən əhval-ruhiyyəni insanlara çatdırır.

Sərginin açılışı tədbirinə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMT-nin Əhali Fondunun, digər tərəfdaş qurumların nümayəndələri qatılıb.

Birinci vitse-prezidentin Katibliyinin nümayəndəsi Fərqan Abaszadə qeyd edib ki, layihə yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsinə yönəlik müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramları əhatə edir. Ən başlıcası isə bu layihə fəal yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılmasına öz töhfəsini verir. Beynəlxalq Ahıllar Günündə belə bir pozitiv ovqat bəxş edən fotosərginin təşkili də bu istiqamətdə növbəti addımdır.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev fəal həyat tərzi sürməyə çalışan yaşlıları bütövlükdə cəmiyyət üçün müsbət rol modelləri adlandırıb: “Hazırda hamımızın bu cür pozitiv nümunələrə ehtiyacı var. Ümidvaram ki, cəmiyyətimizdə hələ də çox yeni bir məfhum olmasına baxmayaraq, fəal və sağlam yaşlanma mövzusu zaman keçdikcə daha çox insanın diqqət mərkəzinə düşəcək və tədricən daha çox insanlarımızın fəal yaşlanmanı öz həyat kredosuna çevirməsinin şahidi olacağıq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST Agentliyinin sədri Fərid Məmmədov ölkəmizdə ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərdən bəhs edib.

Fotosərgi 2-3 oktyabr tarixlərində Dənizkənarı bulvar ərazisində açıq havada davam nümayiş olunur.

Qeyd edək ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsi ilə təsis olunub. Hazırda dünyada yaşı 60-dan yuxarı olan 900 milyondan çox insan var, 2050-ci ilə qədər onların sayının 2 milyarda yaxın olacağı və dünya əhalisinin 20 faizindən çoxunu təşkil edəcəyi gözlənilir.

"Sosial xidmət haqqında" qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hazırda ölkəmizdə yaşı 70-dən yuxarı vətəndaşların sayı 440 minə yaxındır.