UNESCO-nun qərarına əsasən, 1975-ci ildən 1 oktyabr Beynəlxalq Musiqi Günü kimi qeyd olunur. Əlamətdar gün dünya mədəniyyəti və incəsənəti tarixində musiqinin məxsusi yerini və rolunu bir daha diqqətə çatdırır.

Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar. Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub.

Beynəlxalq Musiqi Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Beynelxalq_Musiqi_gunu/index.htm