• • Vətən müharibəsinin altıncı günündə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Ordumuz Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Əməliyyatların gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.

  • Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.

  • Düşmən ordusuna məxsus ondan çox texnika, o cümlədən “URAL” markalı hərbi maşınlarında silah-sursat, geyimlər, əsgər ləvazimatları aşkarlanıb. Texnikaların əksəriyyəti istifadəyə yararlıdır.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.