Oktyabrın 1-dən 3-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə VIII Beynəlxalq Musiqi və Rəqs Konqresi keçirilib. Türk dünyasından bir sıra universitetlərin iştirakı ilə gerçəkləşən konqresə ümumilikdə doqquz ölkədən 200-dən çox nümayəndə qatılıb.

Konqresin açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra BMA-nın 100 illik yubileyinə  həsr olunmuş videoçarx təqdim olunub. 

Muğla Sıtkı Koçman Universitetindən professor Kürşad Gülbeyaz giriş sözündə tədbir haqqında məlumat verib. O, BMA-nın 100 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq konqresin işinə uğurlar arzulayıb, layihənin ərsəyə gəlməsinə dəstək olanlara təşəkkürünü bildirib.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışı zamanı Türk dünyası və onun birliyindən, habelə Azərbaycanın şanlı Zəfərindən, bu qələbə üçün öz dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə dost münasibətlərdən söz açıb.

Azərbaycan Milli Konservatoriyasının (AMK) elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsini icra edən Xalq artisti Nailə Məmmədzadə, Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor Hüseyin Çiçek, Sakarya Universitetinin rektoru Fatih Savaşan, Qırğızıstan Ənənəvi Musiqi Fondunun prezidenti Adelya Karmaliyeva, Antalya Mədəniyyət və Təhsil Vəqfi Universitetinin rektoru, professor Kamile Perçin Akgül, Xalq artisti Roza Cəlilova çıxış edərək konqresin təşkilində əməyi keçənlərə təşəkkürlər ediblər. Digər ölkələrdən olan iştirakçılar konqresə videobağlantı ilə qoşulublar.

Tədbirin sonunda BMA-nın Solo oxuma və opera hazırlığı kafedrasının baş müəllimi, Əməkdar artist İlham Nəzərov, vokalçı Tofiq Zeynalov, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Nərgiz Kəngərlinin ifaları təqdim olunub.

Konqres çərçivəsində ümumilikdə 114 çıxış və məruzə dinlənilib, 28 musiqi nömrəsi təqdim edilib, 3 rəsm sərgisi reallaşıb.