Cəbrayıl bizimdir! Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndi işğaldan azad edildi...

 

Vətən müharibəsinin səkkizinci günündə ilk böyük zəfər xəbəri gəldi. 1993-cü ilin 23 avqustundan işğal altında olan Cəbrayıl şəhəri azad edildi. Müzəffər  Ordumuzun hissələri Cəbrayıl şəhəri ilə bərabər rayonun daha doqquz yaşayış məntəqəsini – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu və Cəfərabad kəndlərini düşməndən təmizlədi.

  • Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twiter” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə kəndini işğaldan azad etməsi barədə xoş xəbəri paylaşıb.

  • Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə bağlı televiziya ilə Azərbaycan xalqına müraciət edib. Bu, 27 sentyabrdan, Vətən müharibəsi başlayandan sonra dövlət başçısının xalqa zəfər müjdəli ilk müraciəti idi. “Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!” deyə xalqa müraciət edən Ali Baş Komandan çıxışını bu sözlərlə bitirdi: “Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.

  • Müdafiə Nazirliyi Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər barədə də məlumat yayıb. Bu istiqamətdə düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib.

  • Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancılıb.

  • Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən uzaqdakı yaşayış məntəqələrinə xain hücumları  da davam edib. Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələrinin ağır artilleriyadan atəşə tutulması nəticəsində 1 nəfər həlak olub, 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib.

  • Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində iki dinc sakin həlak olub, iki nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 22-yə, xəsarət alanların sayı 73-ə çatıb.

  • Düşmən Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atıb. Bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

  • Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq qurumların rəhbərlərinə müraciət ünvanlayıb.