"Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu, Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi".

Prezident İlham Əliyev bu sözləri oktyabrın 4-də Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bir il bundan əvvəlki dövrə qayıdaraq qələbəmizin əzəmətini bir daha görürük: “Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirməkdən, bütün işğal edilmiş torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir ilin keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olub”.

"Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra bizim digər o vaxt işğal altında olan rayonlara uğurlu addımlarımız mümkün olmuşdu" deyən dövlət başçısı bildirib ki, Cəbrayıldan sonra bu istiqamətdə Zəngilan, ondan sonra Qubadlı, daha sonra Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edilib: “Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik”.

Prezident onu da diqqətə çatdırıb ki, Cəbrayıl rayonunun Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedib: “Bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu”.

Dövlət başçısı qeyd edib ki, tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq böyük potensialdan xəbər verir: “Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaq, fəal işlər başlayıb. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən dövlətimizin, xalqımızın nə qədər böyük potensialı olduğunu görürük... Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu”.

Prezident qeyd edib ki, bu gün bütün dünya bunu görür və bunu görmək istəməyənlər də görməlidirlər.