Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildə təsis edilib. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

BMT-nin saytında bildirilir ki, bu il Beynəlxalq Müəllimlər Günü “Müəllimlər təhsilin bərpasının mərkəzində” mövzusuna həsr olunub. Məqsəd COVİD-19 böhranının başlamasından bir il yarım sonra bərpa prosesinə tam töhfə verə bilmək üçün müəllimləri dəstəkləməkdir.

Beynəlxalq Müəllimlər Günü çərçivəsində beşgünlük qlobal və regional tədbirlər silsiləsi pandemiyanın müəllim peşəsinə təsirini nümayiş etdirəcək, müəllim heyətinin öz potensialını tam inkişaf etdirməsi üçün lazım olan addımları diqqətə çatdıracaq.

Əlamətdar gün ilə bağlı BMT-nin qurumları – UNESCO, UNICEF, Beynəlxalq Əmək Təşkilatı adından dünya ictimaiyyətə birgə müraciət ünvanlanıb. Müraciətdə qeyd olunur ki, COVİD-19 pandemiyası səbəbindən ölkələrin bir çoxunun təhsil sistemində böyük problemlər yaşanır.

Azərbaycanda ənənəvi olaraq qeyd edilən Beynəlxalq Müəllimlər Gününün 2021-ci ildə bir mühüm özəlliyi var. Bu il Azərbaycan müəllimləri peşə bayramını qalib xalqın təmsilçiləri olaraq bayram edirlər. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 700-dən çox təhsil işçisi də iştirak edib. Onlardan 20 nəfər döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.