Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Mədəni kənd – mədəni mühit” layihəsi davam edir. Layihə çərçivəsində Sabirabad rayon Mədəniyyət Mərkəzi Yeni Güdəcühür qəsəbə Klub-icma mərkəzində “Zəfər qazanmış ölkənin qalib günləri” adlı tədbir təşkil olunub.
Cəbrayıl rayonundan məcburi köçkünlərin də iştirak etdiyi tədbirdə regional idarənin rəisi Fərid Qurbanzadə çıxış edərək Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbədən danışıb, Cəbrayıl sakinlərinə öz dədə-baba yurdlarının işğaldan azad olunmasının ildönümü münasibətilə təbriklərini çatdırıb.
“Tokio-2020” XVI Yay Paraolimpiya Oyunlarının medalçısı Cəbrayıl rayonundan olan Pərvin Məmmədov qalibiyyət yolundan bəhs edib, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Vətən müharibəsi şəhidlərinə həsr olunmuş guşəyə, dərnək üzvlərinin rəsm əsərlərinin və Pərvin Məmmədovun qazandığı medal və fəxri fərmanların nümayiş olunduğu sərgiyə baxış keçirilib.
Bədii hissədə kənd məktəbliləri vətənsevərlik ruhlu şeirlər səsləndiriblər. “Bir ölər, min dirilərik!” adlı kompozisiya nümayiş etdirilib.