Finlandiyanın Tampere şəhərində magistr təhsili alan Şəfiqə Qasımzadə eyni zamanda Turku şəhərində tədris müəssisəsində işləyir.

Çalışdığı tədris ocağında onun əsas diqqət yetirdiyi məsələlərdən biri də fin uşaqlara Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. O, təşkil etdiyi həftəlik seminarlarda həm şagirdlər, həm də müəllimlər üçün Azərbaycanın coğrafiyası, ölkəmizin mədəniyyəti, kulinariyası haqqında söhbət açır.

“İlk gün uşaqları Azərbaycanın harada yerləşməsi, paytaxtı, bayrağı və ölkədəki şəhərlər haqqında məlumatlandırdım. Uşaqların Azərbaycanın müxtəlif regionlarından olan şəkillərə və videolara baxaraq fin dilində bir-birlərinə “O yerə getmək istəyirəm” demələri məni çox sevindirirdi. Sonrakı günü milli rəqslərimizə və musiqimizə həsr etdim. Uşaqlar “Yallı” rəqsini izləyərək hərəkətləri təkrar etməli idilər. İlk dəfə üçün çox da yaxşı alınırdı. Milli musiqi olaraq isə onları yaşlarına uyğun olan “Cücələrim” mahnısı ilə tanış etdim”, – deyə Şəfiqə Qasımzadə bildirib.

Uşaqlar Azərbaycan bayrağını düzəltməyi də öyrəniblər. Dərs otağında onların düzəltdiyi bayraqlar asılıb. Məşğələlərdə onlara Azərbaycan şirniyyatlarını (“Şamaxı mütəkkəsi”) və s. bişirmək də öyrədilir. Həmvətənimiz Finlandiya Azərbaycanlıları Assosiasiyası ilə birgə Azərbaycanın bu ölkədə tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirir.