Xəbər verdiyimiz kimi, 28 sentyabr – 3 oktyabr tarixində keçirilən “İpək Yolunun incisi” XIII Daşkənd Beynəlxalq Film Festivalında ölkəmiz də təmsil olunub.
Festival çərçivəsində keçirilən Azərbaycan kinosu günlərində ”Daxildəki ada” (Rüfət Həsənov), “İrs” (Zaur Qasımlı), “Balıqçının qızı” (İsmayıl Səfərəli), “Olimpiya” (Əlisəttar Quliyev), “Biz” (Orman Əliyev), “Vəhşi durnalar zamanı” (Murad Hüseynov), “Sonuncu” (Fariz Əhmədov) və “Fəridə” (Kseniya Laqutina) filmləri Daşkənd, Xivə və Nukusda nümayiş etdirilib.
Kinofestivalı “5 gün ərzində kino” müsabiqəsində gənc rejissorlar Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmi “Maarifçilik və tərəqqi naminə” nominasiyasında qalib olub.
“5 gün ərzində kino” müsabiqəsində Almaniya, Estoniya, Özbəkistan, İsveçrə və Meksika kinematoqrafçılarının filmləri də qaliblər sırasında yer alıb.