Vətən müharibəsinin doqquzuncu günündə Azərbaycan Ordusu cəbhənin cənub istiqamətində uğurlu döyüş əməliyyatlarını davam etdirib.

 

  • Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxalalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi “Twitter” səhifəsində paylaşım edib.

 

  • Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.

 

  • Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya alayının 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 63-cü tank taborunun daha 3 tankı məhv edilib. Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan ordusunun atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarının fotoşəkillərini yayıb.

 

  • Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb. Gün ərzində Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri. Gəncə şəhəri, Mingəçevir və  Bərdə Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya və raket atəşinə məruz qalıb.

 

  • 5 oktyabr saat 16:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.