Parisdə UNESCO-nun mənzil-qərargahında qurumdakı Azərbaycan Daimi Nümayəndəliyi və UNESCO Baş Direktorluğunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez, Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer çıxış ediblər.

Səfir Elman Abdullayev Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyətinin və ədəbiyyatının dünyada tanıdılması istiqamətində həyata keçirilmiş layihələrə toxunaraq, Nizami Gəncəvi ədəbi irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində reallaşdırdığı işlərdən danışıb. Dahi şairin “Xəmsə”sinin bir çox Avropa dillərinə tərcümə edildiyi qeyd edilib. Anadan olduğu Gəncə şəhərini heç vaxt tərk etməmiş böyük mütəfəkkir və şairin bir neçə dildə yazıb-yaratdığı diqqətə çatdırılıb.

Səkkiz əsr əvvəl dahi Nizaminin əsərlərində bu gün də aktuallığını itirməmiş ideya və dəyərlər - qadın hüquqları, bərabərlik, ədalət və sülhü təbliğ etdiyi bildirilib. Nizami əsərlərində təbliğ olunan ideya və dəyərlərin müasir dövrümüzdə də əsas ideyalar olaraq qaldığı və UNESCO-nun da bu gün bu ideyalar uğrunda çalışdığı vurğulanıb.

UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez Nizami Gəncəvinin fəlsəfi ideyalarının əhəmiyyətinə toxunaraq əsərlərinin məziyyətlərindən danışıb: ”Nizami Gəncəvi əsərlərində ifadə olunan dəyərlər arasında ən əsası mədəniyyətlərarası dialoqdur ki, o da bu günün çağırışıdır. Onun mədəniyyətlərarası mübadiləyə açıq olan dünyagörüşü insanı valeh edir. XII əsrdə müxtəlif cəmiyyətlərdə bu dəyərin təbliği elə də asan deyildi”.

“Bu böyük mütəfəkkir, filosof və şair əsərləri vasitəsilə bu gün bəzi ölkələr arasında gərginliyin olduğu, təlatümlərlə dolu dünyada bir çox məsələlərə müəyyən aydınlıq gətirir. Böyük mütəfəkkir və şair Nizami Gəncəvinin 880 illiyinin qeyd edilməsi təqdirəlayiqdir”, – deyə o əlavə edib.

Altay Cengizer çıxışında bu gün yaşanılan hadisələr fonunda Nizaminin hələ XII əsrdə əsərlərində bəyan etdiyi humanist fəlsəfənin UNESCO-da tanıdılmasının əhəmiyyətini vurğulayıb. O, Türk Şurasına üzv dövlətlərin diplomatlarının da tədbirə qatılmasının önəmini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Nizami Gəncəvi əsərlərinin motivləri əsasında çəkilmiş miniatürlərdən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azərbaycanlı pianoçu Etibar Əsədli və fransız violonçelçi Albertin Obert şairin sözlərinə yazılmış musiqiləri ifa ediblər.