Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkəmizin tarixində və müasir inkişafında mühüm yer tutan əsas mərkəzlərdən biridir. Bir sıra dünya hadisələri və regional proseslər Naxçıvanın ilkin sivilizasiyaların əsas mərkəzlərindən biri olduğunu sübut edir.

İlk dəfə yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində Naxçıvanı Nuh peyğəmbərin yaşadığı yer kimi xatırlamışdır. Sonrakı dövrlərdə də Naxçıvana səyahət edən müxtəlif səyyahlar buranın Nuhla bağlı olduğunu öz əsərlərində qeyd etmişlər. Rus tədqiqatçısı Konstantin Nikitin 1882-ci ildə Tiflisdə nəşr olunmuş “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması və hətta şəhər əhalisinə duz çıxarmağı öyrətməsi barədə məlumat verərək yazırdı: “Tufandan sonra Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O öz ailəsi ilə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir”.

Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən amillərdən biri də son illərdə elmi tədqiqata cəlb olunan Duzdağ mədəniyyətidir. Bu mədəniyyətin öyrənilməsi sahəsində son illərdə bir sıra mühüm addımlar atılmışdır. Həmin addımlardan biri də Naxçıvan Duz Muzeyinin yaradılmasıdır.

Muzey NMR Ali Məclisi sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən təşkil olunmuşdur. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsi, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılması və təbliğini təmin etməkdən ibarətdir.

“Duzdağ” hotelinin birinci mərtəbəsində yerləşən muzeyin ekspozisiya zalında rəsmi sənədlər, Nuh peyğəmbər və Naxçıvan bölgəsi, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş mətbuat materialları və müxtəlif eksponatlar yer almışdır. Burada eramızdan əvvəl IV-III minilliklərə aid daş əmək alətləri nümayiş olunur. Bu alətlər Duzdağ mədənində duz süxurlarının parçalanaraq kiçik hissələrə ayrılması və döyülərək narın hala salınması üçün istifadə edilib. Muzeydə nümayiş olunan eradan əvvəl IV-II minilliklərə aid daş çəkiclər isə muxtar respublikamızda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığı təəssüratını yaradır.

Qeyd edək ki, beş minillik tarixə malik Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil etmişdir. Muzeydə nümayiş olunan arxeoloji qazıntılar zamanı duz mağaralarında aşkarlanmış müxtəlif dövrlərə aid daş alətlər, Eneolit və Erkən Tunc dövrünə aid keramika nümunələri bunun ən bariz nümunələridir. Həmçinin ekspozisiyada narın duzun saxlanılması və daşınmasında istifadə olunan duz torbaları da nümayiş olunur. Üzərində müxtəlif həndəsi və nəbati naxışlar olan keçən əsrin əvvəllərinə aid bu torbalar Naxçıvanda toxuculuğun inkişafından xəbər verir. Saxsı duzqabıların tarixi eramızdan əvvəl II-I minillikləri əhatə edir. Daş, gil, eləcə də misdən hazırlanmış duzqabılar, duz saxlamaq üçün istifadə olunan gil küpələr maraqlı eksponatlardandır.

Muzeyin mərkəzi hissəsində Nuh peyğəmbərin heykəli mövcuddur. Duzdan hazırlanmış və üzərində “Məhəmməd” və “Əli” sözləri yazılmış Qurani-Kərim də muzeyin unikal eksponatlarındandır. Muzeydə Naxçıvan duzunun tərkibi haqqında məlumat və bu diyarın duzla bağlı inam və adətləri barədə şifahi xalq ədəbiyyatı nümunələri də yer almışdır: “Duzun üzünə gülümsərlər”, “Ömrün duz dağına dönsün”, “Duz dağı kimi durasan”, “Duz çörək, düz çörək”, “Duza, çörəyə gələni incitməzlər” və s.

Muzeydə həmçinin keramika ustası, rəssam Ədalət İsmayılov tərəfindən sal duz üzərində “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi və duzdan hazırlanan əl işləri də nümayiş olunur.

Naxçıvan Duz Muzeyini hər il ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna və digər ölkələrdən minlərlə insan ziyarət edir. Hazırda muzeyin www.duzmuzeyi.nakhchivan.az internet saytı da fəaliyyət göstərir. Saytın müxtəlif bölmələrində muzey haqqında məlumat, fotoşəkillər və videoçarxlar yer almışdır.

Duz Muzeyində nümayiş olunan dəyərli eksponatlar Naxçıvan Duzdağının qədim tarixi və mədəni potensialını özündə cəmləşdirərək gələcək nəsillərə çatdırılmasında və təbliğində əhəmiyyətli rol oynayır.

Nilufər AĞAYEVA
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi