Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Elm, təhsil və mədəniyyət məsələləri üzrə” İşçi Qrupunun növbəti iclası keçirilib.

Videokonfrans formatında təşkil olunan iclasda İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın nümayəndələri iştirak ediblər.

İclasda işğaldan azad edilmiş torpaqlarda mədəni irsin qorunması, bərpası və təbliği, son arxeoloji araşdırmalar, elmi görüşlərin nəticələri və gələcək perspektivləri haqqında məlumatlar, təhsil infrastrukturu, icraatda olan işlərin ilkin nəticələri, İşğal və Zəfər muzeylərinin layihələndirilməsi, turizm imkanlarının perspektivləri barədə müzakirələr aparılıb, qarşıda duran məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Ölkə başçısının 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.