6-8 oktyabr 2021-ci il tarixlərində Yunanıstanın paytaxtı Afinada 10-cu “MEDICI – Film Fondları Səyahəti” (MEDICI – The Film Funding Journey) adlı tədbir keçirilir.

Hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edir. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi təmsil edir.

MEDICI platforması “Eurimages” da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir, media siyasəti formalaşdırılır. Platforma çərçivəsində seminarlar, panellər, konfranslar keçirilir, audiovizual məzmunun inkişafına, istehsalına və dövriyyəsinə dəstək verən bütün ictimai maliyyəçilər üçün açıq peşə təhsili tətbiq edilir.

2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin əsas istiqamətləri üzrə post-pandemiya dövründə ortaya çıxan yeni yanaşmalar və yaranmış problemlər müzakirəyə çıxarılıb.