Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA və İCESCO Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün 8 Noyabr – Zəfər Günü və 10 noyabr – Dünya Elm Günü ilə əlaqədar “Elmdə Zəfər mükafatı” nominasiyasını təsis ediblər. Mükafat ən yaxşı elmi işə görə ildə bir dəfə veriləcək.

Elmin İnkişafı Fondundan bildirilib ki, müsabiqənin məqsədi elmin rolunu yüksəltmək, eləcə də əldə edilmiş elmi nailiyyətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq səviyyədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasını təmin etməklə elmi inkişafa nail olmaqdır.

Təşkilatçılar tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, İETI (Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutu) tərəfindən xüsusi sertifikatlar, müsabiqənin sponsoru “Sinam” MMC şirkəti tərəfindən isə hədiyyələr təqdim ediləcək.

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsi üzrə nəticələrin noyabr ayında açıqlanması nəzərdə tutulur.

Müsabiqə haqqında ətraflı məlumatı Elmin İnkişafı Fondunun internet səhifəsində (sdf.gov.az) əldə etmək olar.