Bu il dünya ədəbiyyatının iki dahi siması – Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880, italyan şairi Dante Aligyerinin vəfatının  700 illiyidir. Oktyabrın 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası, İtalyanşünaslar Assosiasiyası (ADI), Dante Qrupu, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyası (COMPALIT) və İtaliya Qələm Klubunun tərəfdaşlığı ilə onlayn formatda “Nizami və Dante: mədəniyyətlərdə ortaq və fərqli məqamlar” adlı beynəlxalq elmi konfrans işə başlayıb.

Üç gün davam edəcək (7-9 oktyabr) konfransın məqsədi Orta əsrlərin müsəlman Şərqi və xristian Qərbindən olan iki böyük ədibinin – Nizami (1141-1209) və Dante (1265-1321) yaradıcılığının nümunəsində mədəniyyətlər arasında oxşar və fərqli cəhətləri müqayisəli formada təhlil etməkdir.

Konfransın açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Səragəldin, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyasının prezidenti Massimo Fusillo, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri professor Rəhilə Qeybullayeva, Turin Universitetinin professoru və İtaliya Elmlər Akademiyasının üzvü Mariya Tereza Ciyaveri, Suor Orsola Beninkasa Universitetinin professoru Nunzio Rucciero, Arizona Universitetinin professoru Kamran Talattof və Bolonya Universitetinin professoru Karlo Sakkone çıxış ediblər.

Konfransın panellərarası fasiləsi zamanı Nizami və Dante əsərlərinə həsr edilmiş klassik və müasir musiqi nümunələri səsləndirilir. Azərbaycan-İtaliya mədəni mübadiləsinin təzahürü kimi Dante dövrünə xas olan, eyni zamanda müasir italyan musiqisindən parçalar və Üzeyir Hacıbəylinin timsalında Azərbaycan klassik musiqi nümunələri ilə yanaşı, müasir azərbaycanlı müəlliflər Hamlet İsaxanlı və Nailə İsayevanın bəstələrindən ibarət parçalar da təqdim edilir.

Konfransda Orta əsrlər ədəbiyyatında, folklor və real həyatda sevgi anlayışı, sevgi simvolunun dini mətnlərdə və bədii ədəbiyyatda rolu müzakirə olunur. Bundan

əlavə, Nizami və Dantenin əsərlərində didaktik janr və onların bu janrın inkişafında rolu haqqında müzakirələr aparılacaq. Öz əsərlərində didaktik janra müraciət edərək hökmdarlara öyüd-nəsihət verən, onları idarə etdikləri dövlətin, cəmiyyətin ehtiyaclarını qarşılamağa, əsaslı islahatlar aparmağa, ədalətli olmağa səsləyən Nizami Gəncəvi ilə yanaşı, Dante Aligyeri də sevgi, məhəbbəti hökmdarların və ümumən insanların mənəvi kamilləşməsi üçün tərbiyəedici bir vasitə kimi istifadə edib.

Konfransa azərbaycanlı alimlərlə yanaşı 12 ölkədən (Əlcəzair, ABŞ, Brazilya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, İtaliya, Böyük Britaniya, Rusiya, Hollandiya, Finlandiya) 40-a yaxın alim qatılıb.