Vətən müharibəsinin 11-ci günündə Azərbaycan Ordusunun zərbələri qarşısında düşmən mövqelərində kütləvi fərarilik başlanıb
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
- Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb: sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.
- Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikaların videogörüntüsünü paylaşıb.
- Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun 1-ci və 7-ci alayının müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.
- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 7 oktyabr saat 18:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb, 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.
- Prezident İlham Əliyev CNN-Türk televiziyasına və “Euronews” televiziyasına müsahibələr verib.