14–17 oktyabr tarixində Bakıda “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə həyata keçiriləcək. Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırılan layihə dahi şairin zəngin poetik-fəlsəfi irsinə daha böyük ictimai maraq cəlb etmək məqsədi daşıyır.

Festivalın əsas məqsədi müxtəlif ölkələrdə – Rusiya Milli Kitabxanası, İstanbulda Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli miniatürlər vasitəsilə dünya ədəbiyyatında məxsusi yerə malik Nizami yaradıcılığını ictimaiyyətin diqqətinə çatdırmaqdır. Şairin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməyə səsləyən ölməz əsərlərindən müxtəlif süjetlər işıq seli ilə canlandırılaraq möhtəşəm bir mənzərə yaradacaq.

Dörd gün müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər 3D audiovizual proyeksiya formatında əks olunacaq.

Layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.