Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Bakıda ilk zoopark 1928-ci ildə Xətai rayonundakı Nizami parkının ərazisində açılıb. 1958-ci ildə isə Bayıl ərazisində yeni heyvanat parkı fəaliyyətə başlayıb. 1985-ci ildə torpaq sürüşməsindən sonra zoopark Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə idi.

İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Təxminən 4 il davam edən işlər nəticəsində Bakı Zooloji Parkı dünyada mövcud olan müasir zooparklar səviyyəsində yenidən qurulub. Parkın ərazisi də iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb. Ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi var. Zooparkın sakinləri üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib.

Zooparkın əsas məqsədi ziyarətçilərin canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsidir. Hazırda buradakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.