Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində işə başlayan VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” sərgisinin açılışı və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah, Milli Məclisin deputatları və digər şəxslər təqdimatda iştirak ediblər.
Kitabxananın direktoru Kərim Tahirov iştirakçıları Milli Kitabxana stendindəki bölmələrlə tanış edib. Direktor Nizami Gəncəvinin əsərlərinin dünya kitabxanalarından gətirilən əlyazmalarından söz açaraq İstanbul (Topqapı), Tehran nüsxələrini onlara göstərib. Vurğulanıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana artıq iki ildir “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə aid əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin ölkəmizə gətirilməsi layihəsini həyata keçirir. Layihə çərçivəsində Nizami, Nəsimi, Füzuli və digər klassiklərlə bağlı əlyazmaların nüsxələri Milli Kitabxanaya gətirilib.
***
Həmin gün sərgi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova öz nəşrlərindən hədiyyə və kitabxananın simvolik oxucu biletini təqdim edib. Kərim Tahirov da öz növbəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi əsasında hazırlanan “Nizami Gəncəvi-880” disk albomunu ona bağışlayıb.
Qeyd edək ki, sərgidə Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan Milli kitabxanalarının əməkdaşları müvafiq stendlərdə öz nəşr nümunələrini təqdim edirlər.