Oktyabrın 6-da Bakı Şəhər İcra Hakimiyyətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə, bu qurumların rəhbərləri, məsul şəxsləri və hazırda tikilən binaların memarlarının iştirakı ilə “Bakı şəhərinin memarlıq görünüşünün qorunması və paytaxtda şəhərsalmanın gələcək inkişafı” mövzusunda seminar-müşavirə keçirilib.

BŞİH-in başçısı Eldar Əzizov tədbirin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyələrinə uyğun olaraq keçirildiyini bildirib. Qeyd edib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər nəticəsində paytaxtımız sürətlə inkişaf edərək dünyanın ən gözəl şəhərləri sırasında yer alır. Memarlar da müasir tələblərə cavab verən layihələr hazırlamalı, bu zaman milli memarlıq üslubu və xüsusiyyətləri qorunmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək respublika ərazisində, o cümlədən işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dövlətimizin başçısının göstərişlərinə əsasən aparılan quruculuq işlərindən söz açıb, müxtəlif istiqamətli şəhərsalma və infrastruktur layihələrində memarların böyük rol oynadığını diqqətə çatdırıb.

Anar Quliyev layihələndirmə və tikinti işlərində son illər ərzində rast gəlinən nöqsan və problemlərdən danışıb, onların həlli yollarına diqqət çəkib. Qeyd olunub ki, planlaşdırılan, layihələndirilən və inşa edilən bütün komplekslərdə, bina və qurğularda dünya miqyasında istifadə edilən mütərəqqi yanaşmaların öyrənilərək tətbiqi, vətəndaşlarımızın rahatlığını, təhlükəsizliyini və rifahını təmin edəcək şəhərsalma mühitinin formalaşdırılması başlıca vəzifələrdəndir.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə memarlığın günümüzdəki önəmi və bu sənətin özəlliyindən danışıb. Gənc memarların ixtisaslaşması məsələsi və layihələndirmə işlərində peşəkar mütəxəssislərin çalışdığı şirkətlərə üstünlük verilməsinin vacibliyini qeyd edib.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Tədbir iştirakçılarına şəhərdəki tikililər, o cümlədən şəhərsalma və tikinti layihələrinin hazırlanması zamanı əvvəlki illərdə rast gəlinən çatışmazlıqlar, layihələrin keyfiyyətinin artırılması üçün komitə tərəfindən aparılmış təhlillərin nəticələri və görülməli işlər haqqında ətraflı məlumat verib. Bəzi tikinti layihələrində rast gəlinən nöqsanlar, layihə təkliflərində istifadə olunan üslubların şəhərin memarlıq görünüşünə xələl gətirməməsi ilə bağlı, habelə layihələrin keyfiyyətinin yüksəldilməsinə dair komitə tərəfindən layihələndirmə təşkilatlarına müvafiq tövsiyələr verilib.

Tədbirdə iştirak edən layihə şirkətlərinin nümayəndələri və memarlar arasında ətraflı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar qurumların rəhbərləri tərəfindən cavablandırılıb, təkliflər qeydə alınıb.