Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və AMEA Folklor İnstitutunun iştirakı ilə “Azərbaycan xalq oyunları” mövzusunda onlayn tədbir keçirilib.

Mərkəzin direktoru Səadət Xələfbəyli tədbiri açaraq mövzunun aktuallığına diqqət çəkib. Bildirib ki, xalq oyunlarını qorumaq, tanıtmaq, təbliğ etmək sosial həyatın sürətlə dəyişməsi, qloballaşma prosesində zərurətə çevrilib.

S.Xələfbəyli Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək xalq oyunları ilə bağlı festivalda iştirakla əlaqədar Folklor İnstitutunun dəstəyinə ehtiyac duyduqlarını deyib.

Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, institutda Folklor studiyası fəaliyyət göstərir. Studiyanın əməkdaşları ayrı-ayrı bölgələr üzrə adət-ənənələrimizi əks etdirən çoxsaylı materiallar hazırlayıblar. Alim sözügedən festivalda lazım olacaq materiallarla bağlı studiyanın xidmətindən istifadə edilməsinin gərəkliliyini vurğulayıb, ümumi maraq kəsb edən məsələlərdə institutun hər zaman dəstək göstərməyə və birgə çalışmağa hazır olduğunu bildirib. Akademik çıxışı zamanı Qarabağ bölgəsinə xas oyunların toplanılması və öyrənilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə müştərək fəaliyyətin perspektivlərindən bəhs edib.