Azərbaycan Mətbuat Şurasının Dil üzrə monitorinq qrupu tərəfindən aparılan tədqiqatların nəticələrinin əks olunduğu “Mətbuatın dili: normalar və qaydalar” kitabı çapdan çıxıb.

Tədqiqatçı alimlər İlham Abbasov, Bəhrəm Məmmədov və İlkin Əsgərin ərsəyə gətirdiyi kitabda ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin dili üzərində aparılmış tədqiqatlar zamanı leksik, qrammatik, üslub və ifadə pozuntularına diqqət çəkilib. Bu sahədə müasir Azərbaycan dilinin işlənməsindəki tendensiyalar izlənilib, müsbət və özünü büruzə verən mənfi cəhətlər konkret misallar əsasında şərh edilib. Monitorinqə ümumilikdə 50-yə yaxın media vasitəsi cəlb olunub.

Kitabın redaktoru və ön sözün müəllifi Mətbuat Şurasının sədri Əflatun Amaşov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru Nəsibə Abbasovadır.