Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib.

Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, səsvermə oktyabrın 4-də assambleyanın İsveçrənin Cenevrə şəhərində işinə başlamış 62-ci sessiyasında keçirilib. K.İmanovun namizədliyinin bu vəzifəyə irəli sürülməsi və DƏMT Baş Assambleyası tərəfindən dəstəklənməsində əsas amil onun əqli mülkiyyət, ələlxüsus da müəlliflik hüququ sahəsinin tanınmış beynəlxalq eksperti olmasıdır. Assambleyanın sədr müavini ABŞ nümayəndəsi Jasmin Fulena seçilib.

İdarəçiliyi DƏMT tərəfindən həyata keçirilən “Müəlliflik hüququna dair Müqavilə” 1996-cı il dekabrın 20-də qəbul edilib. Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasını dəstəkləyən bu müqavilə yeni rəqəmsal mühitdə ən mühüm beynəlxalq sazişdir. Hazırda 110 ölkənin qoşulduğu müqavilə ədəbi və bədii əsərlərin beynəlxalq müstəvidə effektiv və vahid qaydalara uyğun qorunmasını, müəlliflərin hüquqları və geniş ictimaiyyətin maraqları arasında balansın saxlanılmasını müəyyən edir. Azərbaycan 2006-cı ildən bu müqavilənin üzvüdür.

Qeyd edək ki, K.İmanov 2019-2021-ci illərdə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasının sədri olub.