Əməkdar artist Teymur Əmrahın ifaları ruhun, qəlbin saflığına çağırışdır

 

Səs yaddaşdır. Bir dəfə səsini eşitdiyimiz insanı illər sonra üzünü görməsək belə, səsindən tanıya bilirik. Sənət adamlarının, müğənnilərin səsi isə bir ayrı cür yadda qalır. Heç bir müşayiət olmadan da, musiqili, nəğməlidir, könülləri oxşayır. Bu gün 50 illik yubileyini qeyd edən, çağdaş estrada sənətimizdə öz dəst-xətti ilə seçilən Əməkdar artist Teymur Əmrah məhz belə səs sahiblərindəndir.

Azərbaycan klassik estrada sənətinin layiqli davamçısı, korifey bəstəkarlarımızın əsərlərini düzgün və koloritli, yüksək sənətkarlıqla çatdırmağı bacaran Teymur Əmrah musiqisevərlərin sevgi və rəğbətini qazanıb. Onun həlim, ürəyəyatımlı səsində sanki Azərbaycan təbiətinin palitrası var: gur şəlalələrin səsi, yamyaşıl meşələrin həzin sakitliyi. İfasını dinləyərkən insanın ruhu dinclik tapır, qayğıları unudulur, nikbinliyi artır. Həm də belə bir nəğməkarımızın olmasına görə daxili bir məmnunluq hissi keçirirsən. Özünə sual verirsən ki, bəs bu səsin sirri, sehri nədədir? Ürəklərə yaxşı mənada od salan bu səsin qaynağı hardandır? Cavabı müğənninin Tanrının verdiyi səs payının şəffaflığında, özünün səmimiyyətində və peşəkarlığında tapırsan.

Teymur Əmrahın səsində kövrəklik, həzinlik qədər mübarizlik də var. Bu səs insan qəlbinin yarasına məlhəm qoyan ilahi bir qüvvəni xatırladır. Bu mübarizə ancaq mənfilikləri aradan qaldırmağa yönəlmiş mübarizədir. Ruhun, qəlbin saflığına xidmət edən çağırışdır. Bu yanıqlı, hayqırtılı səsdə sevgi və Vətən yanğısı qoşa qanad kimidir. Bu yanğılı səs pıçıldaşan güllə, bülbüllə baş-başa verir, həsrətlə çiyin-çiyinə addımlayır...

O, bütün mahnıları – istər bəstəkar əsərləri, istər xalq mahnıları olsun – ürəklə, ruhla oxuyur. Dinləyicisini nəinki heyran qoyur, eyni zamanda təsirli ifaçılıq məharəti ilə onu fikrindən ayırır, kədərini də, sevincini də unutdurur, başqa bir dünyaya aparır.

Səsin də güclü işıq, parıltı kimi göz qamaşdırması olur. Bu, Teymur Əmrahın səsinə də aiddir. Bəzən insana elə gəlir ki, onun səsi həzinliyi ilə qəlbin gözünə su çiləyir. Bəzən də ifa etdiyi mahnılarda səs canlı bir obraza, nurlu bir varlığa dönür. Teymur Əmrahın səsi sanki ruhun həyəcanlarını göstərir. Ancaq bu həyəcan onun səsi-avazı ilə gözəl sonluqla nəticələnir, nikbin ruhun gətirdiyi fərəh uzun müddət insanı tərk etmir. Budur, Teymur Əmrah ifasının missiyası...

Teymur Əmrah püxtələşməyi normaya çevirən, öyrənməkdən usanmayan, bildiklərini tələbələrinə sevə-sevə öyrədən sənətkardır. Özü də səhnəyə hər çıxışına ilk addımı kimi yanaşır. Alqışları utana-utana qarşılayır. Yetərincə təvazökar, sadə və sadə olduğu qədər də sənətə qarşı tələbkardır. Peşəkar, vokal sənətinin sirlərinə dərindən bələd olan müğənni özünə bu gün də sənətkar demir...

Teymur Həşim oğlu Əmrahov (Teymur Əmrah) 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasında vokal üzrə Sergey Zarembovun sinfində təhsil alıb. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində tanınmış musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olub.

Teymur Əmrah ilk böyük uğurunu 14 yaşında əldə edib. 1985-ci ildə Ümumittifaq Estrada Müsabiqəsində özünü sınayan yeniyetmə ifaçı ona bəslənilən ümidləri doğruldub, müsabiqənin laureatı adına layiq görülüb. Bu uğuru onu arxayınlaşdırmayıb. Sənətin dərinliklərinə varmaq görkəmli sələflərin ənənələrini layiqincə davam etdirmək, ən əsası, özünün sənət cığırını açmaq üçün yorulub-usanmadan çalışıb. Bu amalla 1990-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal ixtisasına qəbul olunub. Burada opera müğənnisi, Əməkdar artist Firudin Mehdiyevdən, aktyor sənətindən Xalq artisti Şəfiqə Məmmədovadan dərs alıb.

İstedadı və məsuliyyəti sayəsində qısa zamanda peşəkar müğənni kimi özünü doğruldan, sənətdə öz sözünü deyən Teymur Əmrah 1994-cü ildə indiki Heydər Əliyev Sarayında solo konsertini keçirib. Bu konsert onun Azərbaycan musiqisevərləri arasında tanınmasında, sevilməsində mühüm rol oynayıb.

2005-ci ildə “Azəristar” musiqi layihəsində iştirakçıların vokal müəllimi kimi fəaliyyət göstərən müğənni artıq öz sənət işığından gənc nəsillərə pay verməyə başlayıb.

O, eyni zamanda 1990-cı illərdən dövlət teatrlarında yaradıcılıq, yubiley və anım gecələrinin təşkilatçısı kimi fəaliyyət göstərir. Şövkət Ələkbərova, Oqtay Ağayev, Məlik Dadaşov, Ələddin Abbasov, Firudin Mehdiyev, Natəvan Şeyxova, Vaqif Şərifov, Məmmədəli Balayev və başqaları ilə bağlı tədbirlərin yüksək səviyyədə gerçəkləşməsində onun da əməyi var.

Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərən, 20 il Azərbaycan Dövlət Mahnı Teatrının solisti olan istedadlı müğənni hazırda Bakı Musiqi Akademiyasında mahnı janrından dərs deyir. Eyni zamanda Azərbaycan Dövlət Televiziyası və Radiosunun solistidir.

Onun yetirmələri arasında Azərbaycan musiqi sənətində öz sənəti ilə seçilər neçə-neçə ifaçı var. Onların arasında Xalq artisti Samir Cəfərov, Əməkdar artist Sevinc Sarıyeva, Prezident mükafatçısı Amil Həsənov, İradə İbrahimova, Ayaz Qasımov, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Vüsal Hacıyev, Samir Piriyev, Sima Qasımova, Elvin Abdullayev, “Xalq ulduzu” müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov və başqalarını qeyd edə bilərik.

Sənətkar bir sıra görkəmli bəstəkarların əsərlərini yüksək sənətkarlıqla ifa edib. O, xüsusilə mərhum bəstəkar, Xalq artisti Elza İbrahimovanın mahnıları ilə daha çox sevilib. Müğənninin repertuarında yer salan “Gecələr bulaq başı”, “Əlvida”, “Bu dünya bir nərdivandır”, “Bağışla” və digər onlarla nəğmə musiqisevərlərin böyük rəğbətini qazanıb, bu gün də dillərdə dolaşır.

Teymur Əmrah Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Müğənninin 2019-cu ildə Heydər Əliyev Sarayında solo konserti keçirilib. “Bu dünya nərdivandır” adlı konsertdə görkəmli bəstəkarlar Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimovanın unudulmaz əsərləri, retro mahnılar böyük alqışlarla qarşılanıb.

“Mədəniyyət” qəzetinin kollektivi 50 illik yubileyi münasibətilə sənətkarı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.