5 oktyabr – Beynəlxalq Müəllimlər Günü bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərində çalışan müəllimlərin bir qismi ilə görüş keçirilib. Regional idarənin rəisi Fərid Qurbanzadə müəllimləri təbrik edib. Daha sonra bir qrup müəllim regional idarənin fəxri fərmanları ilə təltif olunub.

İsmayıllı Regional Mədəniyyət İdarəsində İsmayıllı rayon F.Əzimov adına Uşaq incəsənət məktəbinin müəllimləri ilə görüş keçirilib. Tədbirdə regional idarənin rəisi Elçin Nəcəfov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva, F.Əzimov adına Uşaq incəsənət məktəbinin direktoru Bəhruz Həşimov və təhsil ocağının pedaqoji kollektivi iştirak edib.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin birgə iştirakı ilə hazırlanmış “Müəllim ömrü” adlı onlayn ədəbi-bədii kompozisiya oynanılıb. Kompozisiyada teatrın üzvləri ilə bərabər, kollecin müəllim və tələbələri də iştirak edib. Nümayişdən sonra regional idarənin rəisi Bəxtiyar Qılıncov müəllimlərə əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Sonra kollecin rəhbərliyinə idarənin fəxri fərmanı təqdim edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbi, F.Əmirov adına 5 nömrəli, Q.Qarayev adına 1 nömrəli musiqi məktəblərində əlamətdar günlə bağlı tədbirlər təşkil olunub. İdarənin rəisi Rəşad Əliyev ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” fikirlərini diqqətə çatdırıb, müəllimləri təbrik edib. Bir qrup müəllim idarənin fəxri fərmanı ilə təltif olunub.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Beynəlxalq Müəllimlər Günü ilə bağlı Vətən müharibəsi iştirakçısı olan təhsil işçisi, rayonun Əlvənd kənd tam orta məktəbinin direktoru Elvin Xəlilov ilə görüşüblər.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində Beynəlxalq Müəllimlər Günü münasibətilə konsert təşkil olunub. Məktəbin müəllimlərinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

NURƏDDİN