Vətən müharibəsinin 12-ci günündə Azərbaycan Ordusunun bütün cəbhə boyu işğalçı Ermənistan qüvvələrinin mövqelərinə zərbələri davam edib.

  • Ermənistanın işğal olunmuş ərazilərdəki silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd “D-20” topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

  • Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikaların videogörüntüsünü paylaşıb.

  • “Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.

  • Ermənistan silahlı qüvvələri Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub. Düşmən ordusu cəbhənin Füzuli istiqamətində dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan istifadə edib.

  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.