Əməkdar rəssam, tanınmış heykəltəraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Namiq Dadaşov oktyabrın 7-də, 76 yaşında vəfat edib.
Namiq Əbdülxalıq oğlu Dadaşov 27 noyabr 1945-ci ildə Bakıda anadan olub. İlk sənət təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunu heykəltəraşlıq ixtisası üzrə bitirib.
Namiq Dadaşov bir çox görkəmli şəxsiyyətlərin heykəl, büst və barelyeflərinin müəllifidir. Vaxtilə Şuşada qoyulan Qasım bəy Zakirin qəbirüstü abidəsi (1983), Üzeyir Hacıbəylinin və Bülbülün büstləri (1984) – Şuşa şəhərinin işğalından sonra vandalizmə məruz qalan və Şuşanın azad olunmasından sonra əvvəlki məkana qaytarılan “güllələnmiş heykəllər”dən ikisi, Bülbülün Milli Kitabxanada qoyulan heykəli (1991), akademik Əbdüləzəl Dəmirçizadəyə həsr olunmuş memorial lövhə (1994, Bakı), general Ə.Şıxlinskinin büstü (1996, Bakı), kinorejissor Əjdər İbrahimovun memorial lövhəsi (1999, Moskva), bəstəkar Fikrət Əmirovun 2011-ci ildə paytaxtda ucaldılan abidəsi və s. onun əl işləridir. Namiq Dadaşov, həmçinin ulu öndər Heydər Əliyevin Neft Daşlarında qoyulmuş büstünün, müxtəlif xatirə sikkələrinin müəllifi olub.
2002-ci ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülüb.
Heykəltəraşın əsərləri Hollandiya, İngiltərə, Türkiyə, Gürcüstan, Almaniya, Fransa və başqa ölkələrdə nümayiş etdirilib.
Allah rəhmət eləsin.