Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasında (AMK) bu tədris ocağının tələbəsi olmuş şəhid Toğrul Hacıyevin anım tədbiri keçirilib.
AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Toğrul Hacıyevin döyüş yolundan söz açıb, onun konservatoriyada nümunəvi tələbə olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin şanlı salnaməsini yazdı. Qəhrəman Vətən övladlarının şücaəti sayəsində, canı-qanı bahasına Vətən torpaqları işğaldan azad edildi. “Heç bir müharibə qurbansız olmur. Bu müharibədə bizim müəllim və tələbələrimiz də iştirak etdi. Tələbəmiz Toğrul Hacıyev şəhid oldu. O, hamıya nümunə olacaq bir insan idi. Torpağı müdafiə edirsənsə, demək, Vətən var. Toğrul da bunu sübut etdi. Mən onun yaxınlarına, valideynlərinə Allahdan səbir diləyirəm. Toğrul və onun simasında bütün şəhidlərimiz daim qəlbimizdə yaşayacaq”, – deyə Siyavuş Kərimi bildirib.
Rektor əlavə edib ki, Toğrul Hacıyev dövlətimizin başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin müəllimləri – Xalq artisti Elçin Həşimov və Əməkdar artist Səbuhi Cəfərov çıxış edərək Toğrul Hacıyevlə bağlı xatirələrini bölüşüblər.
Şəhidin anası İlhamə Soltanova tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.
Tədbir şəhidin vaxtilə ifa etdiyi muğam nömrələrinin səsləndirilməsi ilə davam edib.
Qeyd edək ki, əslən Füzuli rayonundan olan Toğrul Hacıyev 1996-cı il dekabrın 24-də Bakıda anadan olub. 2016-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb, sonra magistraturada təhsilini davam etdirib. Füzuli şəhər 3 nömrəli Uşaq musiqi məktəbində tar müəllimi işləyib.
Ata yurdunun və bütövlükdə Qarabağ elinin yağı işğalından azad olunması Toğrulun da arzusu olub. Bu arzu ilə də Vətən müharibəsinə yollanıb. O, 2020-ci il oktyabrın 10-da ata-babalarının doğulduğu Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.