Hadrut qəsəbəsi işğalçı qüvvələrdən azad edildi!

 

Vətən müharibəsinin 13-cü günündə Azərbaycan Ordusunun yeni qalibiyyət soraqlı xəbərləri gəlib. Bütün cəbhə boyu əks-hücum əməliyyatını davam etdirən rəşadətli Silahlı Qüvvələrimiz Xocavənd rayonunun Hadrut qəsəbəsi (keçmiş Hadrut rayon mərkəzi), Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər, Qışlaq, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı və Tərtər rayonunun Çaylı kəndlərini azad edib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsinin və Xocavənd, Cəbrayıl, Füzuli və Tərtər rayonlarının bir neçə kəndinin Ermənistan işğalçı qüvvələrindən azad edilməsi ilə əlaqədar xalqa müraciət edib. Bu, Ali Baş Komandanın Vətən müharibəsi başlayandan sonra xalqa qalibiyyət xəbərli ikinci telemüraciəti idi.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.

Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibə verib.

“Sky News” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini yayımlayıb.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda dinc əhaliyə qarşı xain hücumları davam edib. Yaşayış məntəqələrimizin düşmən tərəfindən ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 9 oktyabr saat 17:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 168 nəfər isə xəsarət alıb. Həmçinin 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib.