Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 10-da işini başa vurub. Milli Kitabxana sərgi çərçivəsində bir sıra tədbirlər keçirib.

Oktyabrın 9-da Azərbaycan Milli Kitabxanası ilə sərginin iştirakçısı olan Özbəkistan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Mərasimdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, indiyədək dünyanın 45 ölkəsi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalayıblar. O, Özbəkistan Milli Kitabxanası ilə olan əlaqələrin bu müqavilədən sonra daha da möhkəmlənəcəyini vurğulayıb.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Azərbaycanda olmasından məmnunluğunu ifadə edib. Qeyd edib ki, Özbəkistan və Azərbaycan Milli kitabxanaları arasında həmişə əlaqələr olub, memorandum bu əlaqələrə inkiaşafına zəmin yaradacaq.

Özbəkistan Milli Kitabxanasının direktoru həmkarı Kərim Tahirova kitabxananın ən qədim nəşrini və elektron formasını, özbək milli geyimini və digər hədiyyələri təqdim edib. K.Tahirov da öz növbəsində Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi fundamental “Nizami Gəncəvi. Biblioqrafiya”, “Salam Azərbaycan” kitablarını və “Nizami Gəncəvi–880” CD albomunu qonağa hədiyyə edib.

Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi çıxış edərək memorandumun imzalanması münasibətilə hər iki tərəfi təbrik edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli çıxış edərək bildirib ki, memorandum hər iki ölkə arasında qarşılıqlı fikir və təcrübə mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaq.

Qeyd edək ki, memorandumun şərtlərinə müvafiq olaraq kitab və biblioqrafik resurs, təcrübə mübadilələrinin, seminar və konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsi nəzərdə tutulub.

***

Oktyabrın 9-da VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən xarici ölkə kitabxanaları tərəfindən nümayiş olunan kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsi mərasimi keçirilib.

Tədbirdə Rusiya, Gürcüstan, Özbəkistan və Qırğızıstan kitabxanalarının direktorları iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, kitabxananın “Beynəlxalq əməkdaşlıq zalı”nda müxtəlif ölkələrin tarixinə, mədəniyyətinə, coğrafiyasına və s. dair kitablar nümayiş olunur. Bu gün təqdim olunan kitablar da həmin guşədə öz yerini tutacaq.

K.Tahirov Milli Kitabxananın dəvətini qəbul edən həmkarlarına bir daha təşəkkürünü bildirib, beynəlxalq sərgi çərçivəsində keçirilən tədbirlərdə iştiraka görə onlara minnətdarlıq edib.

Rusiya, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələri öz ölkələrinin ədəbiyyatına, mədəniyyətinə dair kitabları Azərbaycan Milli Kitabxanasına təqdim edərək VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən mədəni proqramlara, tədbirlərə görə təşəkkürlərini bildiriblər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək, ümidvar olduğunu bildirib ki, bu gün təqdim olunan bu kitablar ölkələrin tarixini, mədəniyyətini, iqtisadiyyatını və s. öyrənməkdə kitabxana oxucularına, tədqiqatçılara kömək olacaq.