Türkiyəli telejurnalist Fulya Öztürkün 2020-ci ilin Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasında fədakar fəaliyyətindən bəhs edən “Fulya” sənədli filminin Ankarada qala gecəsi keçirilib.

Ekran əsəri C.Cabbarlı adına “Azərbayanfilm” Kinostudiyası tərəfindən ərsəyə gətirilib.

Təqdimatda rəsmilər, media təmsilçiləri, eləcə də filmin baş qəhrəmanı iştirak edib.

Filmin müharibə kadrları ötən il Fulya Öztürkün hazırladığı reportajlardan götürülüb, həmçinin onun iştirakı ilə Gəncə, Bərdə, Tərtər, Ağdam və Şuşada çəkilişlər aparılıb. Böyük Zəfərə aid kadrlar isə Bakı şəhərindəki izdihamlardan götürülüb.

Filmin əhəmiyyətindən danışan ekran əsərinin qəhrəmanı Fulya Öztürk deyib: “Bu sənədli filmdə ən mühüm səhnə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbəsi zamanı orada gördüyüm körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə, Ordumuzun qəhrəmanlığı, eləcə də işğalçı Ermənistanın mülki əhalimizi hədəf alması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə dünya ictimaiyyətinə çatdırılıb. Bu prosesdə telejurnalist Fulya Öztürkün reportyorluğu ilə “CNN Türk” telekanalının rolu filmdə əksini tapıb.