“Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə növbəti ümumşəhər tədbiri təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, deputatlar Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Nizami Gəncəvinin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Gəncənin Cavadxan küçəsi boyunca təşkil edilən mərasim Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya ilə açılıb. Daha sonra “Ozan” qədim milli musiqi alətləri ansamblının, “Xəmsə” ritm qrupunun, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, “Gəncə qönçələri” və digər musiqi kollektivlərinin çıxışları olub.

Ümumşəhər tədbirində Gəncə uşaq rəssamlıq və incəsənət məktəbləri, habelə Uşaq-Gənclər İnkişaf Mərkəzi yetirmələrinin əl işlərindən ibarət sərgi nümayiş olunub. “Gəncə sənətkarları” bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri təqdim edilib.

Gəncə Dövlət Kukla Teatrının kollektivi də Nizami soraqlı tədbirə öz töhfəsini verib. Kollektiv Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” nağılını təqdim edib. Bununla yanaşı, Gəncə idmançılarının şahmat, ağırlıqqaldırma, güləş və digər növlərdə çıxışları izlənilib. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin, Samux rayon Sərkar kənd Uşaq musiqi məktəbinin kollektivlərinin də çıxışları olub.

Daha sonra Gəncə Dövlət Filarmoniyasının önündə konsert proqramı təqdim olunub. Gəncə Urban Mərkəzində isə “Gəncəsənət” və “GəncəKitab” sərgi-yarmarkası keçirilib.

Sonda “Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasının keçirilməsində dəstəyinə görə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, KOBİA və Göygöl Milli Parkına layihə rəhbərləri tərəfindən təşəkkürnamələr təqdim olunub.