Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisinə qeydiyyat yekunlaşıb.

Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş sərgi noyabrın 6-da Xətai Sənət Mərkəzində açılacaq.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərginin məqsədi Azərbaycan, xüsusən də işğaldan azad olunmuş ərazilərimizi tərənnüm etmək, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazanılmış tarixi qalibiyyəti təsviri sənət nümunələri vasitəsilə nümayiş etdirməkdir.

Sərgidə ümumilikdə 100 əsər təqdim olunacaq. Əsərlər təşkilat komitəsinin formalaşdırdığı münsiflər heyəti tərəfindən seçilir. Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.

Seçilmiş əsərlər oktyabrın 30-dək Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.