Heydər Əliyev Sarayı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək. Layihə Mədəniyyət Nazirliyi, “BEAT Group” şirkəti və “VİSA”-nın dəstəyi ilə reallaşacaq.

Heydər Əliyev Sarayından verilən məlumata görə, tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə hazırlanacaq.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xoreoqrafı Əməkdar artist Ceyhun Qubadovdur.

Tamaşada Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, həmçinin Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov çıxış edəcəklər.

Əfrasiyab Bədəlbəyli “Nizami” operasını Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının süjet və motivləri əsasında 1939-cu ildə yazıb. Operanın premyerası 12 dekabr 1948-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilib.