Müharibənin 15-ci günü döyüş meydanında ağır zərbələr almış düşmənin Azərbaycanın yaşayış məntəqələrinə növbəti xain hücumları ilə yadda qalıb.

  • Ermənistan silahlı qüvvələri gecə saat 2 radələrində Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub. 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb, onlardan 1 nəfər oktyabrın 12-də vəfat edib.

  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə müraciət edib.

  • Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən iri sənaye şəhəri Mingəçevirə atdığı raketlər Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
     
  • İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.

  • Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarılıb.

  • Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

  • Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən, Füzuli rayonunun işğaldan azad olunan Horadiz və Tərtər rayonunun Suqovuşan kəndlərinin videogörüntülərini paylaşıb.

  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 11 oktyabr saat 13:00-a olan məlumata görə, 41 mülki şəxs həlak olub, 205 nəfər isə xəsarət alıb, 1165 ev, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.