Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) görkəmli kinorejissor, Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Rasim Ocaqovun (1933-2006) adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün təqdim edib. ARKİ-dən verilən məlumata görə, təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan 4-cü kurs tələbəsi Mirzə Hüseynova təyin olunub.
Kinorejissorun adına olan təqaüd M.Hüseynova ittifaqın İdarə heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqləndiyinə, müxtəlif tədbirlərdə uğur qazandığına, eyni zamanda ailəsinin sosial vəziyyətinin qənaətbəxş olmadığına görə verilib.
Qeyd edək ki, ARKİ tərəfindən 2019-cu ildə Rasim Ocaqov adına medal da təsis olunub.