13-15 oktyabr tarixində Bakıda Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi, İCOM-un Muzey İdarəçiliyi (İNTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (İCME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı konfrans keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunacaq.

Hibrid formatda (canlı və onlayn iştirak) keçirilən konfransın açılışı 13 oktyabr tarixində saat 10:00-da Azərbaycan Milli Xalça Muzeyində baş tutacaq. Konfransda Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya və Niderlanddan 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri iştirak edəcək. Bununla yanaşı, konfransa onlayn olaraq 100-ə yaxın xarici və yerli muzey mütəxəssisi qoşulacaq.

Üç gün davam edəcək konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə 23 məruzə dinləniləcək.

Konfrans çərçivəsində mədəni proqram da nəzərdə tutulub. Qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər.