Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə şəhid ailələrinin, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının, rayon Heydər Əliyev Mərkəzinin və 167 nömrəli tam orta məktəbin iştirakı ilə “Zəfər fədailəri” adlı tədbir keçirilib.

Tədbirin açılışında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-in direktoru Lətifə Məmmədova çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin Vətən müharibəsində qazandığı qələbələr haqqında danışıb və şəhid ailələrinə səbr diləyib.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxışında vətənpərvərlik mövzusunda həyata keçirdikləri tədbirlərdən söz açıb. Bildirib ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması müstəqil Azərbaycanın qürur mənbəyidir.

Anım tədbirində şəhidlər – Xəqani Aslanov, Vüsal Babayev, Anar Əsgərli, Sübhan Abdulrəhmanlı, Rəşad Niftalıyev, Rəşid Baxşəliyev, Əlizaman İslamov, Mahir Quliyev, Taleh Yusifov və Kamran Şirəliyevə həsr olunmuş videoçarxlar nümayiş olunub. Şəhid ailələrinin üzvləri çıxış edərək Vətənin uğrunda canlarını fəda edən qəhrəmanların ömür yolundan, göstərdikləri şücaətlərdən söz açıblar.

Tədbirdə daha sonra kitabxananın böyük metodisti İradə Hüseynova və 167 nömrəli tam orta məktəbin müəllimi Süsən Yusifova çıxış ediblər. Məktəbin şagirdləri İsmayıl İsmayılzadə, Rüqəyya İbrahimova, Səid Poladova şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda “Xudayar təsnifi” adlı videoçarx nümayiş etdirilib.