Oktyabrın 12-də Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə Rusiya Federal Turizm Agentliyinin (“Rosturizm”) rəhbəri Zarina Doquzova arasında görüş keçirildi. Görüşdə Türkiyə ilə Rusiya arasında "Ortaq Turizm Fəaliyyət Planı" imzalandı.

Görüşdən sonra keçirilən mətbuat konfransında nazir Ersoy bu ilin sonuna qədər Rusiyadan 4 milyon turistinTürkiyəyə səfər edəcəyini gözlədiklərini açıqladı: “Pandemiya şəraitində beynəlxalq turizm yolu yenidən açıldı. Xüsusilə Rusiya ilə Türkiyə arasında hava əlaqəsi və turist axını çox sıx başladı. Rusiyalı həmkarlarımızla həm pandemiyadan əvvəl, həm də sonra turizm mövzusunda davam edəcək görüşlərimiz var”.

Nazir onu da vurğuladı ki, Rusiya tərəfi ilə iki ölkə arasında turist təhlükəsizliyi mövzusunda keçirilən görüşlərdə qarşı çıxan problemlər müəyyən edilir və onların həlli ilə bağlı fikir mübadiləsi aparılır: “Müvafiq komissiyalarımız iclaslarını keçirdi və bəzi təsbitlərimizi müəyyən etdik. Nələri inkişaf etdirəcəyimiz barədə razılığa gəldik və hər kəs üzərinə düşəni edəcək. Sevindirici hal budur ki, müzakirə ediləcək məsələlər gündən günə azalır və çox tez həll olunur. Bu durum hər iki tərəfi məmnun edir”.

N.Ersoy onu da Türkiyəyə gələn turist sayı baxımından Rusiya, keçən il olduğu kimi, bu il də birinci yerdədir.

Zarina Doquzova da Türkiyənin Rusiyada turizm baxımından ən populyar ölkə olduğunu bildirdi. Qeyd etdi ki, türkiyəli turistlərin də Rusiyaya marağı artmaqdadır: “Dünən keçirilən görüşdə nəqliyyat və təhlükəsizlik məsələlərini müzakirə etdik. COVİD-19 əleyhinə də fəaliyyətlərimiz var. Türkiyə turistlərinin sayını artırmaq üçün elektron viza və viza azadlığı kimi məsələləri nəzərdən keçiririk”.

Qeyd edək ki, Zarina Doquzovanı səfərdə Rusiyanın turizm sektorunun nümayəndə heyəti müşayiət edib.

Mehparə SULTANOVA
Ankara