Azərbaycanın Özbəkistandakı Səfirliyinin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Press-klubun sədri Şerzod Kudratxocayev ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında media, mədəniyyət, turizm, elm və təhsil sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ş.Kudratxocayev Azərbaycanla media sahəsində əməkdaşlığın Özbəkistan üçün əhəmiyyətini qeyd edərək, Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği istiqamətində AMM mühüm layihələr reallaşdırıldığını deyib. Rektor Azərbaycan torpaqlarının işğaldan azad olunmasının ildönümü – qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

S.Abbasov Azərbaycan-Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, o cümlədən media sahəsində birgə layihələrin həyata keçirilməsi haqqında danışıb. Vətən müharibəsi günlərində özbək mətbuatı ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycan həqiqətlərinin yayılmasına mühüm dəstək göstərildiyini qeyd edən  S.Abbasov Azərbaycanla Türkiyə arasında yaradılan birgə media platformasına gələcəkdə Özbəkistanın da qoşulmasının əməkdaşlıqda yeni imkanlar açacağını söyləyib.

Rektor təklifin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə əməkdaşlığın genişlənməsinin vacib olduğunu qeyd edib.

Sonda AMM-nin direktoru Ş.Kudratxocayevə “İrəvan xalçaları” kitab-albomunu hədiyyə edib.