Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” layihəsi çərçivəsindəki növbəti tədbir Yardımlı rayonunun Çayüzü kəndində gerçəkləşib.
Mədəniyyət işçiləri, yerli rəsmi şəxslər, ziyalılar, media mənsubları və ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə Yardımlının tarixi, adət-ənənələri, tanınmış ziyalıları, yaradıcı insanları və s. barədə məlumat verilib.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxışında tədbirin həyata keçirilməsində rol alan mədəniyyət işçiləri və rayon rəsmilərinə minnətdarlıq edib. O, mədəniyyətin yerlərdə təbliğinin və kənd icmalarının tədbirlərə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, istedadlı gəncləri bu layihədə fəal iştiraka çağırıb.
Sonra mədəniyyət müəssisələrinin xalq sənətkarlığı nümunələri, rəsm və əl işlərindən ibarət sərgilərinə baxış keçirilib. Çayüzü kənd folklor klubu üzvlərinin ifasında şəhidlik məqamının ucalığını ifadə edən bayatılar deyilib, həzin musiqilər səsləndirilib. Məktəblilər isə hərbi-vətənpərvərlik mövzusunda şeir kompozisiyaları ifa ediblər.
Sonda tədbirlərdə fəal iştirak edən könüllülərə idarənin təşəkkürnaməsi təqdim olunub.