Məktəblilərin səhnə məharəti maraqla qarşılanıb

 

Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Mərkəzində “Zəfər: körpələrin gülüşü” adlı ədəbi-musiqili kompozisiya nümayiş olunub. Səhnə işi oktyabrın 12-də Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Təsirli bədii qiraət və musiqili fon kadrları ilə zəngin olan kompozisiyada Qarabağdan məcburi köçkün düşmüş uşaqların tank belində geri qayıtması, müharibə qaydalarını qəddarcasına pozan düşmənin Gəncə şəhərində mülki əhaliyə qarşı raket hücumundan sonra əzab-əziyyətlərə və ağır itkilərə rəğmən məğrur duruş və dəyanət göstərən körpənin təbəssümü, 44 günlük Vətən müharibəsinin zirvəsi sayılan Qələbə sevinci bədii ampluada tamaşaçıların diqqətinə çatdırılıb.

Uşaq musiqi məktəblərinin şagirdləri tərəfindən üçlük şəklində səsləndirilən “Xudayar təsnifi” və “Bayatı-Şiraz” muğamı kompozisiyanın təsirini daha da artırıb.

Müxtəlif regionlardan, o cümlədən Gəncə şəhəri, Goranboy və Kəlbəcər rayonlarından olan uşaqlar da aktyor qismində səhnədə yer alıblar. Uşaqların səhnə məharəti alqışlarla qarşılanıb.

Nümayişin sonunda uğurlu təqdimata görə uşaqlara təşəkkürnamələr təqdim olunub.