“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Litvanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində açılan “Litva tatarları” adlı fotosərgi davam edir.

Tarixi və müasir fotoşəkillərdə XX əsrin birinci yarısından bu yana tatarların Litva cəmiyyətinin müxtəlif sahələrində verdiyi töhfələr, tatar icmasının həyatının əsas istiqamətləri əksini tapıb.

Qeyd edək ki, Litva Parlamenti tərəfindən bu il ölkədə “Litva Tatarlarının Tarixi və Mədəniyyət İli” elan olunub. XIV əsrdən etibarən tatarlar İslama əsaslanan unikal və özlərinə məxsus mədəniyyəti qoruyaraq, eləcə də yerli dilləri doğma qəbul edərək Litvada məskunlaşmağa başlamışlar.

“Litva tatarları” sərgisi noyabrın 2-dək davam edəcək.