Nəşriyyatlardan 235 adda 14679 nüsxə kitab satın alınacaq

 

Mədəniyyət Nazirliyi tərəfindən kitabxanaların fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə elan olunmuş “Nəşrlərin satınalınması müsabiqəsi”nin nəticələri müəyyənləşib. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə Komissiya” həyata keçirib.

Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar komissiya tərəfindən bir ay müddətində qiymətləndirilib, eyni zamanda nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatlar da nəzərə alınıb.

Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından 235 adda kitabdan 14679 nüsxəsinin satınalınması qərara alınıb, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilib.

Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən “Altun kitab” nəşrlər evindən dəyəri 7038,5 manat olan 44 adda 2855 nüsxə kitabın, “Parlaq imzalar” nəşriyyatından dəyəri 11360 manat olan 29 adda 1495 nüsxə kitabın, “Qanun” nəşriyyatından dəyəri 10335,7 manat olan 19 adda 1345 nüsxə kitabın, “TEAS Press” nəşriyyat evindən dəyəri 13815,35 manat olan 35 adda 2125 nüsxə kitabın, “Xan” nəşriyyatından dəyəri 6745 manat olan 22 adda 1000 nüsxə kitabın alınması həyata keçiriləcək.

Müsabiqə çərçivəsində digər müəlliflər və müəlliflik hüququ sahiblərindən alınacaq kitabların siyahısı da hazırlanıb.

Siyahıda qeyd edilən hüquqi və fiziki şəxslərdən kitabların alışını təmin etmək üçün müvafiq sənədləri Mədəniyyət Nazirliyinə təqdim etmələri xahiş olunur.