Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılması üçün texniki şərtlər hazırlanır. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Media etikası – jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda onlayn konfrans zamanı məlumat verib.

Onun sözlərinə görə, mütəxəssislər bununla bağlı MEDİA ilə birlikdə işləyirlər: “Şərtlər toplusu hazır olduqdan, müvafiq qaydada tenderlər həyata keçirildikdən sonra qısa müddət ərzində “e-kiosk”, yaxud “e-qəzet” formatında olması düşünüləcək onlayn platformanı cəmiyyətin, ictimaiyyətin istifadəsinə verəcəyik”.

Əhməd İsmayılov yeni hazırlanan “Media haqqında” qanun layihəsinin yekunlaşmaq üzrə olduğunu da deyib.

MEDİA tərəfindən təşkil olunan onlayn konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, MTRŞ-nın Aparat rəhbəri Fazil Novruzov, MEDİA-nın şöbə müdiri Natiq Məmmədli və başqa iştirakçılar çıxış ediblər. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Beynəlxalq jurnalistikada peşə etikası” mövzusunda təqdimat edib.